Binaların fasadları hansı izolyasiya məhsulu ilə üzlənməlidir?

25 May 2015

-Əhməd müəllim ilk növbədə öz haqqınızda, daha sonra şirkətiniz haqqında məlumat verərdiniz.
-Mütəllimov Əhməd İkram oğlu. 1984-cü ildə anadan olmuşam. 2 universitet bitirmişəm: Azərbaycan Universiteti və İqtisad Universitetini. 2000-ci ildən 2005-ci ilə qədər “Business Center Service” şirkətinin hüquq departamentinin müdiri kimi çalışmışam. 2005-ci ildə hərbi xidmətə yollanmışam. 2006-cı ildə hərbi xidməti bitirəndən sonra bugünə kimi “Evim İnşaat” şirkətində müdir kimi çalışıram.
“Evim İnşaat” şirkəti olaraq artıq 10 ildir ki, fəaliyyət göstəririk. 2005-ci ildən bazarda həm bütün növ izolyasiya materiallarının topdan satışını, həm də izolyasiya işlərini həyata keçiririk. Bütün növ izolyasiya işlərini ən müasir üsullarla və qısa müddət ərzində yüksək keyfiyyət və normativ tələblərə uyğun olaraq yerinə yetiririk. Azərbaycanın professional inşaat şirkətlərinə xidmət göstəririk və bugünə qədəd də uğurlu nəticələrimiz olub. İzolyasiya işlərinin layihələndirilməsi, izolyasiya ilə bağlı olan hesabatların hazırlanması, ətraf mühit amillərinin təsiri dərəcələrinin hesablanması, izolyasiya materiallarının düzgün seçilməsi və effektivliyinin təmin edilməsi və s kimi bir çox xidmətləri göstəririk.

– Əhməd müəllim, bildiyiniz kimi may ayının 19-u Binəqədi rayonu ərazisində 16 mərtəbəli yaşayış binasının yanması nəticəsində insan tələfatı qeydə alındı. Və bundan sonra izolyasiya sistemləri barəsində demək olar ki, hər kəsin beynində sual işarəsi meydana gəldi. İzolyasiya sistemləri Azərbaycanda geniş istifadə olunmadığına görə əksəriyyət bu sistemlər barəsində heç bir bilgiyə sahib deyil. İzolyasiya nədir və növləri hansılardır?
– Mən də Binəqədi rayonunda baş vermiş bu faciəni eşidəndə çox üzüldüm. Və rəhbəri olduğum şirkətin kollektivi adından və şəxsən öz adımdan xalqımıza və həlak olan insanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralanan insanlara isə tezliklə sağalıb ayağa durmalarını diləyirəm.



-İzolyasiya dedikdəsudan izolyasiya, istidən və soyuqdan izolyasiya, səsdən izolyasiya, yanğından izolyasiya və rütubətdən izolyasiya nəzərdə tutulur. Bu izolyasiya formalarının da hər birinin bir neçə növü vardır. Hal-hazırda cəmiyyətimizi düşündürən əsas mövzu yanğından izolyasiya olduğu üçün bu barədə məlumat verəcəm. Bizdə məhsullar vardır ki, onlar universal izolyasiya məhsulları hesab edilirlər. Bu məhsullar istifadə olunduqda binalar və ya mənzillər nəinki yanğından,həmçinin sudan, istidən, soyuqdan, səsdən də izolyasiya edilmiş olur. Daş yunu adlanan bu məhsul 5000 dərəcə istiliyə qədər davamlıdır. Yəni, biz bu məhsulu 5000 dərəcə hərarət olan 1 alovun içinə atsaq ona heçnə olmayacaq, sadəcə üzündə biraz dəyişiklik olacaq. Lakin, tərkib olaraq eyni qalacaq. Müasir dövrdə artıq nano texnologiyalar vasitəsi maye şəklində izolyasiya məhsulları istehsal olunur ki, onları divara sürtməklə o divarı həm yanğından, həm də sudan, istidən, soyuqdan və rütubətdən izolyasiya etmiş olursunuz. Daş yunu məhsulunun qiyməti təqribən 1 m² üçün 10 manatdırsa nano texnlogiyalar vasitəsi ilə hazırlanmış maye məhsulun qiyməti 1 kiloqramı təqribən 200 manatdır ki, onunla da hardasa 10 m² ərazini izolyasiya etmək mümkündür. Daş yunu dünyanın əksər ölkələrində özünü doğrultmuş və tanıtmış bir məhsul olaraq geniş istifadə olunmaqdadır. Bundan başqa EPS tərkibli izolyasiya məhsulları da vardır ki, xalq arasında buna “penoplast” deyirlər. “Penoplast” məhsulunun üzərinə hansısa qatqını əlavə etməklə onun sadəcə yanğına qarşı müqavimətini müəyyən qədər artırırlar. Ümumiyyətlə “penoplast” yanmağa meyilli bir məhsuldur və yandıqda benzindən daha təhlükəli olur. Bundan başqa əvvəllər Rusiyada, Amerika Birləşmiş Ştatlarında və Avropa ölkələrində “seklovata” adlanan izolyasiya məhsullarında istifadə edirdilər.”Şüşə yunu” olan bu məhsul daha sonra istifadədən çıxarıldı. Bu cür məhsulların istifadəsi ümumiyyətlə düzgün deyil. Çünki onlar yandıqları zaman zərərli maddələr buraxırlar ki, bu da hər şeydən əlavə həm də insan orqanizmində xərçəng hüceyrələrinin inkişafına səbəb olur. EPS (penoplast) və XPS məhsullarını binaların fasadlarında istifadə etmək olmaz.. Binaların fasadları üçün ən gözəl məhsul universal xarakterə məxsus “daş yunu”dur ki, o da yanğın zamanı yanmır. Yanğın zamanı bu məhsulun tüstüləməyinə baxmayaraq o tüstünün insan orqanizminə heç bir zərəri yoxdur,yəni bu tüstü zəhərli deyil. Çünki onun tərkibi bildiyimiz yun tərkibidir və xırda toz şəklində qaya daşlarının yunla qarışığıdır. Bundan başqa “daş yunu” məhsulu enerji istifadəsinə 50 %-ə qədər qənaət edilməsini təmin edir.
-Əhməd müəllim, yaşayış binasının fasadına çəkiləcək “daş yunu” hansı sıxlıqda olmalıdır?
-“Daş yunu”nun sıxlığı 32 sıxlıqdan 150 sıxlığa qədərdir. 32 sıxlıqdan 75 sıxlığa qədər olan “daş yunu” məhsulunu yanğına qarşı izolyasiya etmək düzgün deyil. Bu aralıqda olan “daş yun”ları səsdən, istidən və soyuqdan izolyasiya üçün istifadə edilir. Yanğına qarşı istifadə ediləcək bu məhsulun sıxlığı layihədən layihəyə görə dəyişə bilir. Qiyməti isə təqribən 1 m² üçün 8-15 AZN arasında dəyişə bilir. Məsələn Qalaaltıda biz “Renaissance Construction” şirkətinin sudan, istidən və soyuqdan, səsdən və yanğından izolyasiya işlərini həyata keçiririk. Bu layihədə onlar bizdən 80-100 sıxlıq arasında “daş yunu” istifadə etmək istədiklərini bildirdikdə biz bu layihənin böyük olduğunu və buna görə də burada 150 sıxlığın istifadə edilməsinin daha məqsədəuyğun olduğunu bildirdik və orada bu sıxlıqda məhsul istifadə edirik.



-Əhməd müəllim, dünya təcrübəsində izolyasiya sistemləri ilə bağlı hansısa dövlət proqramı və ya normativ qaydalar var? Və ölkəmizdə izolyasiya məhsullarının tanıdılması ilə bağlı nələr etmisiniz?
-Avropa ölkələrində və hətta Türkiyədə belə əgər bir bina sudan, istidən və soyuqdan, yanğından, səsdən və rütubətdən izolyasiya edilməyibsə onda o bina təhvil verilmiş hesab edilmir. Xüsusən də Avropada və inkişaf etmiş ölkələrdə dəmir materiallarla tikilmiş binalarda arakəsmələr dəmir konstruksiyalar vasitəsi ilə qurulur alçipan ilə üzlənir. Bu cür binalar buna görə içəridən mütləq səsdən izolyasiya edilməlidir. Və əgər bu cür binalar səsdən və digər hallardan izolyasiya olunmasa o binalar təhvil verilmiş sayılmır, yəni bu binalarda insan yaşaya bilməz. Bundan başqa dünyada izolyasiya məhsulları ilə bir çox bağlı sertifikatlar mövcuddur.
-Biz müxtəlif rayonların İcra Hakimiyyətlərinə öz məhsullarımızı təqdim etmişiq, gedib görüşüb onlara göstərmişik, bundan başqa məsələn sudan izolyasiya ilə bağlı bəzi nazirliklərə gedib onlara təqdimatlarımızı keçirmişik. Bizdə izolyasiya sektorundan başqa, yolların bərkidilməsi, asfaltların çatlamaması, yol təbəqələrinin möhkəmləndirilməsi üçün materiallar vardır ki, məsələn 1 yolun ömrü 5-10 ildirsə biz bu məhsullardan istifadə etməklə onun ömrünü 50 ilə 100 ilə qədər uzada bilirik. Bundan başqa bizdə suni göl, dağ və ya adalar yaratmaq üçün məhsullar da vardır ki, bunlar həm keyfiyyət, həm də qiymət baxımından çox əlverişlidir. Biz bu məhsullarımızın təqdimatını adlarını çəkdiyim dövlət qurumlarına təqdimatını etmişik.



-Əhməd müəllim, son sualım belə olacaq. Bildiyimiz kimi Azərbaycanda əhali arasında izolyasiya məhsulları barədə məlumat kifayət qədər azdır. Siz izolyasiya məhsulları barədə maarifləndirmə işlərinin həyata keçirilməsini planlaşdırırsınızmı?
-Bəli. Biz daha öncədən də düşünmüşdük və son hadisələr də göstərdi ki, bu istiqamətdə maarifləndirmə işləri həyata keçirilməlidir. Hal-hazırda çox yaxın bir zamanda “İpək Yolu” SİDİB-in də dəstəyi ilə izolyasiya məhsulları ilə bağlı seminar keçirmək barəsində bir layihə üzərində işləyirik. Qısa bir müddətdən sonra bu seminarı təşkil edəcəyik və memarların,tikinti şirkətlərinin və vətəndaşların da orada iştirak edərək daha çox bilgi əldə etməsini təmin edəcəyik.


Digər xəbərlər